ADNSU-nun "Elm və innovasiya məsələləri üzrə" prorektoru t.ü.f.d. Elviz İsmayılov, "Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi" şöbəsinin müdiri k.e.n. Əli Əlizadə və universitetin digər nümayəndələrinin iştirakı ilə “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunun yeni təyin olunmuş direktoru k.e.n., dosent Nazilə Salmanova və institutun əməkdaşları arasında seminar xarakterli görüş keçirilmişdir. Seminar Fərman Salmanov adına auditoriyada, Davamlı İnkişaf Mərkəzində təşkil olunmuşdur. Tədbir zamanı institutun mövcud elmi fəaliyyəti, gələcək inkişaf perspektivləri, prioritet tədqiqat istiqamətləri və ADNSU ilə mümkün əməkdaşlıq imkanları müzakirə edilmişdir. Yeni təyin olunmuş direktor Nazilə Salmanova institutun qarşıdakı dövr üçün inkişaf strategiyası, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, laboratoriya imkanlarından daha səmərəli istifadə olunması və müasir tədqiqat yanaşmalarının tətbiqi ilə bağlı fikirlərini bölüşmüşdür. Görüşdə institutun elmi potensialının gücləndirilməsi, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarının artırılması və universitet-institut əməkdaşlığının daha sistemli şəkildə qurulması məsələləri diqqət mərkəzində olmuşdur. Həmçinin birgə elmi layihələrin hazırlanması, tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq elmi bazalarda indeksləşən nəşrlərin artırılması və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Bundan əlavə, “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi Tədqiqat İnstitutunun laboratoriyalarının son beş il üzrə fəaliyyət hesabatları dinlənilmişdir. Qeyd etmək lazımdır ki, institutda 10 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Seminar çərçivəsində institutun “Neft və qaz yataqlarının işlənməsinin geoloji əsasları” laboratoriyasının müdiri Əliyev R.Y., “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” laboratoriyasının müdiri Hüseynov Q.S., “Quyuların qazılması texnologiyaları” laboratoriyasının müdiri Şmonçeva Y.Y., “Neft və qaz yataqlarının işlənməsi və lay fizikası” laboratoriyasının müdiri Süleymanov A.Ə., “Neft hasilatı, neft və qaz nəqli üçün texnika və texnologiya” laboratoriyasının müdiri Aslanov C.N., “Layların neft hasilatının artırılmasının fiziki-kimyəvi üsulları” laboratoriyasının müdiri Qəhrəmanova Z.O., “Yeni Supramolekulyar Birləşmələr” laboratoriyasının müdiri Həsənova Ü.Ə., “Neft hasilatı və neft kimyasında ekologiya” laboratoriyasının müdiri Əliyev E.N., “Kataliz və neft emalı” laboratoriyasının müdiri Salmanova N.İ. və “Alternativ energetika” laboratoriyasının müdiri Əliyeva O.O. son 5 il üzrə (2021–2026-ci illər) üzrə yerinə yetirilmiş elmi-tədqiqat işləri, əldə olunmuş nəticələr və dərc edilmiş məqalələr barədə qısa hesabatla çıxış etmişlər. Təqdimatlar zamanı laboratoriyaların əsas elmi istiqamətləri, son illərdə aparılmış tədqiqatların nəticələri, nəşr aktivliyi, mövcud problemlər və gələcək inkişaf imkanları müzakirə olunmuşdur. Görüşün sonunda institutun elmi fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi, laboratoriyalar arası əməkdaşlığın gücləndirilməsi, tədqiqat nəticələrinin praktik tətbiq imkanlarının artırılması və ADNSU ilə birgə elmi təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələrin davam etdirilməsinin məqsədə uyğun olduğu vurğulanmışdır.